ADRENALIN MƏNBƏYI

0
Moto 01-ноя, 13:35 admin 125 0
Çoxları üçün motosiklet təhlükə deməkdir. Çünki onda sürət, ekstremal vəziyyət, adrenalin, bir sözlə, sakit həyat yaşamağa öyrəşmiş “dinc sakinləri” qorxudan hər məqam var. Elə buna görə də belə bir fikir formalaşıb ki, motosiklet ən təhlükəli nəqliyyat vasitəsidir...

Lakin bütün yuxarıda sadalananları sevənlər də az deyil. Onlar sürətdən həzz alır, ekstremal vəziyyətləri özləri yaradır, adrenalinsiz yaşaya bilmirlər. Motosiklet,  xüsusilə gənclər üçün özünü ifadə vasitəsi, azadlığın simvoludur.

Eyni zamanda, praktik həll yollarını sevən insanlar üçün motosiklet bir yerdən digərinə tıxaclarda qalmadan çatmaq üçün ən rahat nəqliyyat vasitəsidir. Yaddan çıxarmayaq ki, motosiklet həm də idman yarışlarının əvəzolunmazıdır.

Professional
 
Görünür motosiklet haqqında çox danışmaq olar. Hər bir insan üçün onun anlamı fərqlidir. Buna görə də bir çox suallar meydana çıxır. Yaxşı olar ki, bu sualları işin bilicisi Sabir Babayev cavablandırsın.

İlk olaraq müsahibimizin özü haqda danışdıq. Çünki Sabirin bu sahədə təcrübəsi kifayət qədərdir.

“Mən motosiklet sürməyə idman kimi başlamışam. 12-13 yaşımda idmana gəlmişəm. Artıq 28 ildir ki, motosiklet idarə edirəm. İlk motosikletim Yava olub.

O, sırf idman üslublu və çox güclü idi. Professionallar üçün nəzərdə tutulub. Mən isə böyüklərin köməyi ilə elə ilk dəfədən onunla başladım”.

Sabir bu motosikletin xüsusiyyətlərindən danışanda qeyd etdi ki, həmin modeldə əyləc olmur və təlimə adətən ondan başlamırlar.

İndiyə qədər istifadə etdiyi motosikletlərin əsasən idman üslubunda olduğunu qeyd edən Sabir hansı markalara üstünlük verdiyini də dedi: “Motosiklet idmançısı olduğuma görə daha çox idman üslublu motosikletlərə üstünlük vermişəm.

Xüsusən son dövrlərdə Avropada istehsal olunan modellər çox güclüdür. Son on ilin içində dəyişim daha çox hiss olunur. İndi idarə etdiyim model isə Yamaha YBR-dır.”

Sabir Babayev professional idmançı kimi bir çox idman yarışlarında, motoşoularda  iştirak edib. 28 illik təcrübəsində bir çox nailiyyətlərə imza atan həmsöhbətimiz Respublika çempionu adını qazanıb və Türkiyədəki beynəlxalq yarışda ölkəmizi təmsil edib və 2-ci yer tutub.

Təlimlər

Son dövrdə bu sahəyə maraq artır. Sabir də artıq 2 ildir ki, motosikletçi olmaq istəyən gəncləri buna hazırlayır.
“Mən çalışıram ki, 28 illik təcrübəmi tələbələrimlə bölüşüm. Çünki bu işə ciddi yanaşmaq lazımdır. Elə tələbələr var ki, idarəetməni asanlıqla öyrənirlər.

Lakin bəziləri də olur ki, məşq dövrünü tam bitirdikdən sonra özlərini yolda rahat hiss edirlər. Motosikleti öyrənmək üçün daha çox 30-50 yaş arası kişilər, bəzən gənclər müraciət edir. Lakin tələbələrimin arasında bir-iki xanım da olub. 

Ən çox imkanlı insanlar bahalı motosikletlər alsalar da, düzgün idarə və təyinatına görə istifadə edə bilmirlər. Ona görə onlara kömək etmək, onları öyrətmək istərdim”-deyə S. Babayev məlumat verir.

Təlim prosesinin sirlərini bizimlə bölüşən Sabir burda psixoloji hazırlığın əsas olduğunu söyləyir:-“Məşqlərə başlayarkən ilkin mərhələ olaraq mən insanın psixologiyasını öyrənməyə çalışıram.
 
Çünki hər adam motosiklet idarə edə bilməz. Əgər insanda iradə yoxdursa, özünü vaxtında ələ ala bilmirsə, onda motosikletə yaxınlaşmasın.

Çünki motosiklet zarafat xoşlamır. Sonra psixoloji təlimlər olur və ilk sual bu olur ki, “tələbəm velosiped sürə bilirmi?” Əgər  iki təkər üstə müvazinətini saxlaya bilirsə, ilk dərslər yerdən götürmə məşqləri olur”.

Sabir yeni başlayanlara sadə və çox da bahalı olmayan modelləri məsləhət görür. Elə özünün idarə etdiyi və təlimlər keçdiyi Yamaha YBR buna misaldır. Bu motosiklet həm rahat, həm yüngül, həm də qiymətdə münasibdir.

“Lakin tələbələrim çox vaxt məsləhətləşmədən seçim edirlər. Öz xoşlarına gələn modeli almaq istəyirlər. Mənə müraciət edib motosiklet sürməyi öyrəndikdən sonra həmin modeli əldə edirlər”.

Moto mədəniyyət

Sabirlə bir az da moto mədəniyyətdən söhbət etdik. Görünür o vəziyyətdən razıdır.
“Son dövrlərdə Azərbaycanda motomədəniyyət dəb halını alıb və düzgün istiqamətdə inkişaf edir. Motomədəniyyətin bir neçə istiqaməti var.

Motosikletə düzgün baxmaq, ona düzgün yanaşmaq lazımdır. Motosikletçilər arasında motosikleti ilə öyünmək, fərq qoymaq qəbul olunmayıb. Əsas odur ki, motosikleti düzgün yollarla əldə edəsən.
 
Dövlət tərəfindən nömrə nişanı almaq, şəhərə çıxarkən bütün avadanlıqlara ( kaska, əlcək və s.) malik olmaq, təhlükəsizliyə və qaydalara əməl edərək motosiklet idarə etmək moto mədəniyyətin əsas göstəriciləridir.

Motosikleti idarə edənlə yanaşı,  sərnişindən və digər nəqliyyat istifadəçilərindən də çox şey asılıdır. Motosikletçinin işini asanlaşdırmağı bilmək də bir mədəniyyətdir. Məsələn, motosiklet dönərkən arxadakı sərnişinin bədəni əks istiqamətə hərəkət edir.

Bu doğru deyil. Rahat olmaq üçün onun da bədəni sürücü ilə eyni tərəfə hərəkət etməlidir. Yenə sağa dönərkən digər nəqliyyat iştirakçılarının motosikletçiyə yol verməsi çox yaxşı olardı”.

Sabir bunlarla yanaşı, motosiklet sevənlərin bir çox tədbirlər keçirdiyini də bildirdi. Bu tədbirlər xüsusilə motomövsümün açılışı və bağlanışı ilə bağlı olur.  Bu tədbirlər rəsmi şəkildə, xüsusilə isti fəsillər gələndə keçirilir.

Yeri gəlmişkən, “avtomobil.az” olaraq biz də iki dəfə Azərbaycan Motosiklet Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birlikdə “Moto Şou” təşkil etmişik. Bu tədbirlərdən danışarkən yarışları da yaddan çıxarmaq olmaz. Qeyd etdiyimiz kimi, Sabir özü də bu yarışların daimi iştirakçısıdır.

Təhlükə yoxsa...
 
Təbii ki, bir çoxları motosikleti hələ də təhlükə mənbəyi kimi görürlər. Hətta bir çox valideynlər motosikletçi olmaq istəyən övladlarını bu fikirdən yayındırmağa çalışır, qadağalar qoyurlar.

Sabir bu məsələyə də özünəməxsus yanaşır: “Təbii ki, valideynlər həmişə nigaran olurlar. Eləcə də mənim valideynlərim. Lakin statistikaya baxsaq, görünür ki, motosiklet qəzaları avtomobil qəzalarına baxanda dəfələrlə azdır. Ölümlə nəticələnən qəzalar da daha çox avtomobillərdə gerçəkləşir”.

Sabir motosikletin üstün cəhətlərindən də danışdı:

“Motosikletin yeganə mənfi cəhəti odur ki, o, ailəvi nəqliyyat vasitəsi deyil.

Bütün digər cəhətlərdən isə motosiklet daha üstündür. Xüsusilə tıxaclara görə motosiklet daha uyğundur. Həm vaxt qazanırsan, həm əsəblərin sakit olur. Bir tərəfdən də motosiklet daha hesablıdır”.

Söhbətimizi Sabirin motosikletçilərə son sözləri ilə yekunlaşdırırıq:“Motosiklet sürməyi öyrənmək istəyənlər professionallara müraciət etsinlər. Bəzən onlar çalışırlar ki, bunu özləri öyrənsinlər. Bu düzgün deyil. Çünki, motosikleti dəqiq öyrənmək lazımdır. Bunun üçün heç olmasa, işi bilənlərdən məsləhət alın”.

avtomobil.az
OXŞAR XƏBƏRLƏR

SOSİAL ŞƏBƏKƏLƏR
TƏQVİM
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı qiymətləndirin